AzərTAc xəbər verir ki, martın 31-də 1918-ci ildə Bakıda və ölkəmizin digər bölgələrində ermənilər tərəfindən törədilmiş soyqırımı cinayətlərinin 90-cı ildönümü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyində tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Kamil Xasıyev, nümayəndəliyin işçiləri, Azərbaycan Prezidentinin İcra Aparatının əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının idarə heyətinin üzvləri, Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu ölkədəki nümayəndəliklərinin əməkdaşları, eləcə də Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Səfir Eldar Həsənov azərbaycanlıların soyqırımının tarixindən danışmış, 1905-1907-ci illərdə ermənilər tərəfindən Bakıda, Şuşada, Zəngəzur, Naxçıvan, Ordubad, Qazax və İrəvan bölgələrində törədilmiş vəhşiliklər, 1918-ci ilin mart-aprel aylarında isə ermənilərin Bakı, Şamaxı, Quba, Muğan və Qarabağda minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirdiklərini, on minlərlə insanın evlərindən didərgin düşdüyünü iştirakçıların diqqətinə çatdırmışdır.
Səfir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş hadisələr, Ermənistanın işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycanın digər rayonlarının işğalı və onların ağır nəticələri, bu soyqırımın mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğu barədə konkret faktları vurğulamışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da azərbaycanlıların soyqırımı gününün martın 31-də qeyd olunmasına dair verdiyi Fərmanın böyük tarixi əhəmiyyət daşıdığını vurğulayan diplomat, soyqırımı günü ilə əlaqədar Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti barəsində toplantı iştirakçılarına geniş məlumat vermişdir.
Tədbirdə Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı K.Xasıyev, səfirliyin müşaviri Tural Rzayev, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev çıxış etmişlər.
Sonra azərbaycanlıların soyqırımının dəhşətlərini əks etdirən fotoguşə iştirakçılara nümayiş etdirilmişdir.
Azərbaycanlıların soyqırımı günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış mətbuat açıqlaması Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmiş, kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
|