AzərTAc xəbər verir ki, Kanadanın nüfuzlu Toronto Universitetində Azərbaycanla bağlı elmi konfrans keçirilmişdir.
Azərbaycanın Kanadadakı səfirliyinin Toronto Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları Mərkəzi ilə birgə təşkil etdiyi konfransda Mərkəzin professorları Robert Austin, Edvard Şats və Luçan Uay şərhlərlə çıxış etmişlər.
“Azerbaijan Dairy” kitabının müəllifi Tomas Golts “On yeddi il Odlar Yurdu ilə birlikdə: Müstəqilliyin ilk illərindən bu günədək olan dəyişikliklər”, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev “Təhlükəsizlik və enerji təhlükəsizliyi sahəsində Azərbaycan-ABŞ münasibətləri”, müvəqqəti işlər vəkili Fərid Şəfiyev “Azərbaycanın xarici siyasət prioritetləri”, Toronto Universitetinin professoru Taras Kuzio “Regional əməkdaşlıq və Transatlantik strukturlara inteqrasiya” və universitetin tələbəsi Aslan Amani “ Regional və milli hadisələrin siyasi və mülki-mədəni təsirləri” mövzularında məruzə ilə çıxış etmişlər.
Sonra Azərbaycanın regionda lider ölkə kimi rolu, NATO-ya üzvlük perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, demokratikləşmə, korrupsiyaya qarşı mübarizə mövzularında müzakirələr aparılmışdır.