Dağlıq Qarabağ müharibəsində itkin düşən vətəndaşların sümük qalıqlarının müəyyənləşdirilməsi məqsədilə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında saziş imzalanacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə komissiyanın katibi Şahin Sailov məlumat verib. Onun sözlərinə görə, bu işlər “Antimorte” adlanan layihə çərçivəsində həyata keçiriləcək. İki il öncə BQXK Azərbaycan Xarici İşlər Nazirliyinə, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasına və Prezidentin İcra Aparatına itkinlərin axtarışı ilə bağlı proqram təqdim edib. Layihə Azərbaycan tərəfindən öyrənilib və hissə-hissə araşdırılıb. Ş. Şailov layihənin münaqişədən əziyyət çəkən tərəf kimi Azərbaycan üçün əhəmiyyətli olduğunu deyib: “Layihəyə əsasən, sülh dövründə döyüş aparılan ərazilərdə insan qalıqları aşkar edilərsə, onların eksqumasiyası və identifikasiyası aparılacaq. Tapılan sümük qalıqlarının eksqumasiyası ilə əldə olunan məlumatlar uzlaşdıqda, cəsədin kimliyini müəyyənləşdirmək olacaq”.