Elçin
"Ermənilər uşaqları diri-diri tonqalda yandırıblar"
Erməni tarixçisi A.Lalayan yazır: "Daşnak dəstələrinin tutduqları türk kəndləri canlı insanlardan təmizlənib..."
Artıq hər il martın 31-i Azərbaycan türklərinin Soyqırımı Günü kimi qeyd edilir. Şübhəsiz ki, Azərbaycan türklərinə qarşı soyqırım təkcə martın 31-də olmayıb. Amma həmin gün azərbaycan türklərinin soyqırımı daha təkmil və kütləvi şəkildə həyata keçirilib. Hələlik bəşər tarixi demək olar ki, qaralamalardan ibarətdir. Demokratikləşən dünyada da ədalət axtarmaq çox müşkül məsələyə çevrilib. Əgər dünyanın gözü və ürəyi varsa, onda azərbaycanlılara qarşı törədilmiş bu qədər vəhşiliklərə niyə biganə yanaşılır?
Ermənilər hələ 1905-ci ildə Bakıda dəhşətli qırğınlar törətmişdilər. Qafqazdakı bütün türkləri, o cümlədən Tiflis, Borçalı, Axalkalaki türklərini məhv edərək ancaq ermənilərdən ibarət Ermənistan yaratmaq istəyirdilər. Azərbaycan türklərinin soyqırımı 1918-ci ilin 17-21-də (30 mart - 1 aprel) daha dəhşətli şəkildə həyata keçirildi. Təkcə Bakı, Gəncə, Quba, Şamaxı, Lənkəran, Göyçayla deyil, Güney Azərbaycanın Xoy, Urmiyə, Səlmas kimi şəhərlərində də qanlı faciələr törədilmişdi. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tanınmış tarixçi alim İsrafil Məmmədovun soyqırımla bağlı fikirləri isə daha düşündürücüdür: "Saymaq, sadalamaqla qurtarmaq bilməyən bu qanlı faciələr, bu dəhşət və vəhşətlərin qüssəli tablosunu ancaq daş qəlbli insanlar laqeydliklə seyr edə bilərlər. Kədər, niskil, həsrət, fəryad, nalə, inilti dolu bu tabloda istisiz-tüstüsüz qalmış, odu-alovu yox olmuş minlərlə ocaq var. Bu, yaşanmış, yaddaşlara həkk olunmuş, inkaredilməz bir gerçəklikdir ki, 19-cu yüzildə, 20-ci yüzilliyin əvvəlində və sonunda da xalqımız sözün əsl mənasında soyqırıma məruz qalıb. 2,5 milyon soydaşımız qətlə yetirilib və ya öz ata-baba yurdundan didərgin salınıb". Erməni müəlliflərinin özlərinin etiraflarına görə, 20-ci yüzilliyin əvvəllərində İrəvan quberniyasında 1301 kənd olub, bunun da 959-da azərbaycanlılar yaşayıb. Yenə də ermənilər yazırlar ki, orada 352 min (əslində 376 min) azərbaycanlı yaşayırmış: "İndi gecə-gündüz dünyanı "erməni soyqırımı" deyərək ağlayıb zara gətirənlərdən soruşmaq gərəkdir ki, hazırda həmin o 959 kənddə kimlər yaşayır? Bütün sualların bir cavabı var: Ermənistan türksüz qalıb. Onillərlə davam edən soyqırımlarla kifayətlənməyən ermənilər Zəngilandan, Kəlbəcərdən Xankəndinədək göz işlədikcə uzanıb gedən böyük bir ərazini də türksüz qoydular. Xocalı faciəsi türkə qarşı ən böyük soyqırım deyilmi? Bu böyük faciələrin acı-ağrısını duymağımız, hiss etməyimiz, düşünüb-daşınmağımız gərəkdir ki, torpaqlarımız yağı tapdağında qalmasın. Gərək heç kəs başımıza gələn bu müsibətlərin yanından saymazyana, bəzən də dodaq büzüb gülə-gülə keçməsin". 1918-ci ildə Bakıda baş verən mart qırğınlarının səbəbləri haqqında müxtəlif fikirlər olsa da, burada əsas məqsəd azərbaycanlıların, konkret desək türklərin varlığına ümumiyyətlə son qoymaq olub. Həmin vaxt qəddar, qatil sovet hökuməti dövründə illərlə bizlərə xilaskar, ədalətli mübariz kimi təqdim edilmiş Stepan Şaumyan Lenin tərəfindən bütün Qafqaza fövqəladə komissar təyin edilmişdi. Şaumyana ermənilərin siyasi və milli təşkilatları ilə birlikdə hərəkət etmək üçün Lenin tərəfindən geniş səlahiyyətlər verilmişdi. Bu vaxt İran cəbhəsindən dönərək Bakıda yerləşmiş xeyli rus əsgərini bolşeviklər aldadaraq maddi cəhətdən həvəsləndirməklə öz vətənlərinə getməkdən çəkindirdilər. Rəislərinin erməni olması bolşevikləri erməni "Daşnak" partiyası ilə birləşməyə yönəldirdi. Bakıda bir neçə erməni alayı da vardı. Bakı Sovetini ələ keçirib burada kommunist hökuməti yaratmaq üçün Bolşevik Partiyasının Qafqaz Komitəsi "Daşnak" partiyası ilə siyasi və hərbi ittifaq yaratmağa müvəffəq olmuşdu. İndi artıq Azərbaycan türklərinə qarşı təcavüzkar yürüşə keçməkdən ötrü bir bəhanə lazım idi. Bu dövrdə Azərbaycan türkləri Rusiya imperiyası tərkibində illərlə hərbi xidmətə çağırılmamaları səbəbindən çox zəif idilər. Belə bir şəraitdə Şaumyan bəhanə tapır. Tiflisdən Bakıya göndərilən Azərbaycan türklərinin əsgəri heyəti həbsə alınır. İkinci hadisə isə belə baş verir: Lənkəranda təşəkkül tapmaqda olan Azərbaycan türklərindən ibarət milli ordunun bir dəstəsi vəfat etmiş yoldaşlarının cənazələrini Bakıya gətirib dəfn edirlər. Geriyə dönərkən bolşevik əsgərləri onları mühasirəyə alır, tərksilah olunmalarını tələb edirlər. Rədd cavabı aldıqda atışma başlanır. Kütləvi qırğın salmaq üçün çoxdan bəhanə gözləyən ermənilər fürsəti itirmirlər. Bakının türklər yaşayan məhəllələrini top atəşinə tuturlar. Təbii ki, ermənilərin hücumuna qarşı Azərbaycan türkləri müdafiə olunmağa başlayırlar. Amma bayaq da dediyimiz kimi soydaşlarımızın hərbi cəhətdən istənilən səviyyədə təcrübələri yox idi. Bu səbəbdən də qüvvələrin qeyri-bərabər olduğu şəraitdə Azərbaycan türkləri məğlub olurlar. Çünki həm Bakıdakı rus ordusu, həm də bolşeviklər ermənilərə kömək edirdi. Azərbaycan türkləri 3 gün ərzində dəhşətli qətliama məruz qaldılar. Hadisələri obyektiv araşdırmaq məqsədilə Rusiya dövləti tərəfindən yaradılmış komissiyanın üzvü, dini mənsubiyyət baxımından xristian olan Kulqe adlı birinin tərtib etdiyi protokolda türklərin məruz qaldığı dəhşətli səhnələrin təsviri tük ürpədir: "Ermənilər müsəlman əhalisinin sakin olduğu məhəllələrə girərək insanları vəhşicəsinə öldürüb, qılıncla parçalayıb, süngülərlə dəlik-deşik ediblər, evlərə od vurub yandırıblar, uşaqları diri-diri tonqalda yandırıblar. Hətta 3-4 günlük südəmər uşaqları süngülərə taxıblar. Küçələr Azərbaycan türklərinin meyitləri ilə dolu idi. Bu cəsədlərin qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzələləri kəsilmişdi. Ermənilər öldürmədikləri qadınların saçlarını bir-birinə bağlayaraq lüt halda tüfəng qundaqları ilə yaralayıblar. Onlar kimsəyə rəhm etmirdilər. Məsələn, Əlizadə Hacı Əmirin evində 80 yaşlı anasını, 60-70 yaşlı digər qadınları öldürmüş, 25 yaşlı təzə gəlini diri-diri divara hörmüşdülər. Belə vəziyyət ən rəhmsiz insanı belə, dəhşətə gətirən cinayət əməlləri idi". Kulqe divara söykədilmiş uşaq meyitlərinin itlər tərəfindən necə gəmirildiyini təsvir edən şəkillər də çəkib. Üç gün ərzində davam edən qətliam nəticəsində 15 min Azərbaycan türkü vəhşicəsinə öldürülmüşdü. Məşhur "İsmailiyyə", "Açıq söz", "Kaspi" mətbəələri yandırılmışdı. Bakının ən böyük dini məbədgahı olan Cümə məscidi toplarla dəlik-deşik edilmişdi. Şamaxıda Azərbaycan türklərinin yaşadığı məhəllələrdə daş daş üstündə qalmamışdı.1918-ci ilin martında ermənilərin törətdiyi faciə nəticəsində qırx mindən çox əhalisi olan Şamaxıda minlərlə Azərbaycan türkü öldürülmüş, bütün binalar dağıdılıb məhv edilmişdi. Şəhərdən gecə ikən qaçıb qıraqda gecələyənlərin çoxu öldürülmüşdü. Canlarını qurtaranların əksəriyyəti aclıqdan və soyuqdan məhv olmuşdu. Ermənilər bu zaman eyni ssenari əsasında Güney Azərbaycanın Urmiya, Xoy, Təbriz, Səlmas şəhərlərində də türklərə qarşı soyqırımı törətdilər. O zaman 150 min əhalisi olan Urmiyada bir gecədə 1500 türkü öldürmüşdülər. Osmanlı ordusu Urmiyaya gələnə qədər artıq öldürülən türklərin sayı 10 min nəfəri ötmüşdü. Ermənilər türklərin evlərini talan etmək üçün arvadlarını da özləri ilə gətirmişdilər. 1918-ci il mayın 28-də Ermənistan Respublikası təşkil olunduqdan sonra Andronik 5 min nəfərlik silahlı erməni ilə Xoy şəhərinə hücuma hazırlaşırdı. Bu zaman Xoyda xəbər yayılır ki, ermənilər Ərzincan və Trabzonda türklərin ətindən qovurma və qiymə bişirib özlərinə yedirdib, qadınların namusuna təcavüz ediblər. Xoy sakinləri şəhərin mühasirədə qalmasına baxmayaraq qəhrəmanlıq göstəriblər. Bu zaman osmanlı ordusunun gəlməsi xəbərini eşidən xoylular ürəkləniblər. Andronik geri çəkilməyə məcbur olub. Onların bu qələbəsi ermənilərin Urmiyadakı hərbi planına sarsıdıcı zərbə endirib. Ermənilərin tarixən əzəli türk məskəni olan, indi Ermənistan adlandırılan torpaqlarda soydaşlarımızın başlarına açdıqları müsibətlər barədə erməni tarixçiləri özləri belə utanmadan, həyəsızcasına danışırlar. Erməni tarixçisi A.Lalayan yazır: "Daşnak dəstələri türk qadınlarının və uşaqlarının, qocaların və xəstələrin qarşısında maksimum cəsarət nümayiş etdirirdilər. Daşnak dəstələrinin tutduqları türk kəndləri canlı insanlardan təmizlənib, eybəcər hala salınmış qurbanları ilə birlikdə xarabalığa çevrilib". Daşnak Vahram öz qoçaqlığı haqqında belə danışır: "Mən Basarkeçərdə heç nəyi nəzərə almadan türk əhalisini qırdım. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna doldurub üstünə ağır daşlar tökəsən. Belə də etdim: bütün kişiləri, qadınları, uşaqları quyuya doldurub üstünə ağır daşlar tökdüm". A.Lalayanın daha bir etirafı: "Ermənistanda daşnak hökuməti özünün 30 aylıq hakimiyyəti dövründə (may 1918 - noyabr 1920) azərbaycanlı əhalinin 60 faizini qırıb". 1917-ci ilin dekabrından 1918-ci ilin avqustuna qədər təkcə Sisyan rayonunun 15 kəndində 625 nəfər qətlə yetirilib. Bayazid, Eçmiədzin, İrəvan qəzalarında qarət olunmuş, doğma yurdunu tərk etmiş soydaşlarımızın sayı 200 min nəfərə yaxındır. Zəngəzur qəzasında 115 müsəlman kəndi dağıdılmış, həmin kəndlərdə yaşayan 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüşdü. İrəvan quberniyasında 1918-ci ilin martınadək 199 kənd dağıdılmış, 135 min nəfərlik əhalinin bir qismi qılıncdan keçirilmiş, bir qismi isə çətinliklə də olsa qaçaraq dəhşətli vəhşilikdən canını qurtara bilmişdi. 1919-cu ilin 9 ayı ərzində Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasında isə bütün kəndlər yerlə yeksan edilmişdi.
Soyqırım insanlığa qarşı insanlar tərəfindən törədilən cinayət, müəyyən bir etnik qrupun, tayfa və qəbilənin, xalqın kökünün kəsilməsi, məskunlaşdığı məkandan sıxışdırılıb çıxarılmasıdır.
|